No:076/23, Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson ilə  görüşünə dair mətbuat məlumatı

15 fevral 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson arasında görüş keçirilib.

 

Görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi və alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri və bu çərçivədə həm İsveçlə, həm də Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə görüş zamanı diqqət yetirilib.

 

Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

 

Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.   

 

Görüşdə, həmçinin digər ikitərəfli və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti