No:074/19, Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi.
Qonaqları salamlayan nazir Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirdi və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğuladı. Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir Elmar Məmmədyarov iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanda olmaqlarından məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaqlar Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusilə vurğuladı.
Münaqişə ilə bağlı Küveytin ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkürünü ifadə edən nazir Elmar Məmmədyarov müstəqilliyimizin ilk illərində azərbaycanlı qaçqın və məcburi köçkünlərə Küveytin humanitar yardımını yüksək qiymətləndirdi.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.