news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 aprel 2018

No:074/18, Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının yeni təyin olunmuş səfirini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul etdi.

Görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğuladılar.

Tərəflər eləcə də, Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bu xüsusda, enerji sahəsində SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd edildi və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu vurğulandı.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Nazir Elmar Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 3-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nın münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırdı.

Səfir Adel İbrahim Ahmed İbrahim diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov Adel İbrahim Ahmed İbrahimə fəaliyyətində uğurlar arzuladı.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti