news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 mart 2019

No:068/19, Xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak ilə birgə mətbuat konfransı, 5 mart 2019-cu il

Xarici işlər naziri Elmar Məmmədyarov:

Xanımlar və cənablar,

Hörmətli mətbuat nümayəndələri,

Bildiyiniz kimi, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələlələri üzrə naziri, mənim yaxın dostum cənab Miroslav Layçak Azərbaycanda səfərdədir və  bizim təkbətək, eləcə də geniş tərkibdə görüşlərimiz keçirildi. Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq, eyni zamanda ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.

Məlum olduğu kimi, ATƏT mühüm beynəlxalq təşkilatdır. Onun nəzdində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədrlik insitutu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Mən cənab Layçakı sözügedən məsələdə Azərbaycanın mövqeyi ilə bağlı məlumatlandırdım və bu xüsusda, sonuncu danışıqlar prosesində müzakirə olunan məsələlərə toxunduq və geniş fikir mübadiləsi apardıq. Cənab Layçak gələn həftə Ermənistana səfər edəcəyi ilə bağlı məlumat verdi. Bizimlə müzakirə etdiyi bir sıra məsələləri Ermənistanda da müzakirə edəcəyini qeyd etdi. Ümumiyyətlə, bildirmək istərdim ki, hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Mən bu gün keçirilən beynəlxalq konfransda da bu məsələyə toxundum və cənab Layçakdan Ermənistana səfəri zamanı Ermənistanın rəhbərliyindən bu sualı soruşmasını xahiş etdim: Ermənistan xalqı və vətəndaşları bu münaqişədən nə qazandılar?!. Heç olmazsa bir pozitiv arqument deyə bilsələr, bəlkə bu istiqamətdə müzakirələr apara bilərik. Demoqrafik, siyasi və iqtisadi çətinliklərdən başqa bu münaqişə Ermənistan xalqına heç nə verməmişdir. Bildiyiniz kimi, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşmüşük, cənab Prezident Ermənistanın baş naziri ilə üç dəfə görüşmüşdür. Hər dəfə biz bu məsələləri müzakirə edirik. Həmsədrlər də eyni mövqedədirlər. Madrid prinsipləri əsasında beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində işi elə quraq ki, münaqişənin həlli istiqamətində addımlar atılsın. Həmsədrlər də bildirirlər ki, indiki status-kvo qəbuledilməzdir. Azərbaycan da bu mövqedən çıxış edir. Ermənistan və Azərbaycan əhalisini sülh üçün hazırlamaq lazımdır və biz bu istiqamətdə müəyyən işlər görmüşük və fəaliyyətimizi davam etdiririk.

Bildiyiniz kimi, Almaniyanın “Berlin Economics” adlı qeyri-hökumət təşkilatı bir hesabat hazırlamışdır. Sözügedən hesabatda açıq şəkildə göstərilmişdir ki, əgər münaqişənin həlli istiqamətində irəliləyişə nail olunsa, təkcə ilk il həm Ermənistanda, həm də Azərbaycanda ÜDM beş faiz artacaq və iqtisadi inkişaf müşahidə olunacaqdır. Mən sizə sözügedən hesabatla tanış olmağı tövsiyə edərdim.

Bundan başqa, ATƏT-in çərçivəsində ikitərəfli məsələlərə də toxunduq. İlk növbədə, enerji sahəsində əməkdaşlıq və nəqliyyat məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, dünən Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə birinci xüsusi yığıncağı keçirildi və yeni bir dəhliz yaradıldı. Bu xüsusda, Buxarest Bəyannaməsi imzalandı. Orada hər şey qeyd edilmişdir. Qeyd olunmuşdur ki, ildə bir dəfə olmaqla nazirlər səviyyəsində görüş keçirilsin. Habelə, Çindən və Mərkəzi Asiyadan Avropaya bu dəhliz vasitəsilə bir sıra malların daşınmasına köməklik göstərilməsi üçün müvafiq işçi qrupun yaradılmasını razılaşdırdıq.

Təşəkkür edirəm.

Sual-cavab sessiyası:

  1. Sual: Slovakiyanın Pravda Agentliyi: Təşəkkür edirəm. İcazə olacağı təqdirdə, nazirlərə iki sual ünvanlamaq istərdim. Keçən ilki prezident seçkilərindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) son hesabatı beynəlxalq standartlara uyğun olaraq seçki qanunvericiliyinə dəyişiklər edilməsini və həmçinin seçki günü müstəqil araşdırmanı tövsiyə edir. Bu hesabatdan sonra, seçki qanunvericiliyində hər hansısa dəyişiklik olubmu və müstəqil araşdırma aparılıbmı? Çünki 2020-ci ildə seçkilər keçiriləcəkdir. DTİHB-in hesabatına nə dərəcədə əməl olunur? Növbəti sualım cənab Layçak üçündür. ATƏT bu hesabatın tövsiyələrinin icrasında hansısa formada yardımçı ola bilərmi?

Elmar Məmmədyarov: Azərbaycan tərəfindən götürülmüş öhdəliklərə uyğun olaraq, biz Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə əməkdaşlıq edirik. Yeri gəlmişkən, biz bugün nazir Layçak ilə DTİHB ilə daha güclü əməkdaşlığın qurulması məsələsini müzakirə etdik.  Nazir Layçak tərəfindən Azərbaycan və DTİHB arasında daha güclü əməkdaşlığın qurulması ilə bağlı təklif təqdim edildi. Fikrimcə, bu çox diqqətlə nəzərdən keçiriləcəkdir. Bu təklif müvafiq qaydada cavablandırılacaqdır. Araşdırmaya gəldikdə isə səmimi desəm belə bir tövsiyəni xatırlamıram. Mən cavab verməmişdən öncə belə bir məsələnin olmasını dəqiqləşdirməliyəm. Çoxlu tövsiyələr olur, bəzən onlar nəzərə alına bilər, bəzən də yox. Belə ki, bu suveren dövlətin qərarıdır. Lakin bir daha qeyd edim, belə bir araşdırma tövsiyəsini dəqiqləşdirməliyəm. Təşəkkür edirəm.

  1. Sual: Leyla Qurbanova, AZƏRTAC: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədri qismində Slovakiyanın töhfəsi konkret nədən ibarət ola bilər. Ermənistan siyasi rəhbərliyi tərəfindən son vaxtlar səsləndirilmiş bəyənatlar, xüsusilə danışıqların sonuncu formatının dəyişdirilməsi cəhdləri, işğal edilmiş ərazilərdə ərazilərin qaytaraılmayacağı, eləcə də işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin davam etdiriləcəyi ilə bəyanatlara sədrliyin münasibətini bilmək istərdim.

Sualım cənab Nazirədir: Cənab nazir, son vaxtlar Ermənistan rəhbərliyinin səsləndirdiyi əsassız bəyanatlar fonunda danışıqların pespektivini necə görürsünüz (AZƏRTAC).

Elmar Məmmədyarov: Çox yaxşı sual verdiniz. Biz bu məsələni də cənab Sədrlə müzakirə etdik. Görüş zamanı danışıqlar prosesindən gözləntilərimiz barədə dərin müzakirələr apardıq. Əlbəttə ki, eşitdiyiniz kimi cənab Layçak pozitiv fikirlər səsləndirdi. Mən də bu fikirlərə qoşulmaq istərdim, amma əfsuslar olsun ki, sonuncu bəyanatlar sülhə yönəmli deyildir. Ələlxüsus Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın Dağlıq Qarabağda olarkən səsləndirdiyi bəyanatını Azərbaycan rəsmi şəkildə həmsədrlərlə müzakirə etmişdir. Mən bu gün telefon söhbəti zamanı rusiyalı həmsədrlə bu məsələni müzakirə etmişəm. Həmçinin, mən ATƏT-in fəaliyyətdə olan sədrini də bu barədə məlumatlandırdım. Belə bəyanatlar pozitiv mühitə xələl gətirir. 15 yanvar tarixində Ermənistanın xarici işlər naziri ilə Parisdə görüşümüz baş tutdu. Bunun əsasında həmsədrlər Ermənistan və Azərbaycan xalqlarının sülhə hazırlanması ilə bağlı pozitiv bəyanatla çıxış etdilər. Azərbaycan tərəfi bu istiqamətdə iş görür və görməkdədir. Digər tərəfdən də düz vurğuladınız ki, Ermənistan rəhbərliyi adından kimsə çıxış edərkən, eləcə də baş nazirin özünün səsləndirdiyi fikirlər müsbət irəliləyişə inanmağa imkan vermir. Tam şəkildə sizinlə razıyam. Biz gərək özümüz də bu danışıqlarda hansı istiqamətdə gedəcəyimiz ilə bağlı təhlillər aparaq. Cənab Layçakdan da xahiş etdim ki, Ermənistanda gələn həftə olarkən bütün bu məsələlərə də toxunsun. Biz gərək bilək ki, insanları sülhə hazırlayaq yoxsa başqa istiqamətdə iş görək.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti