No:067/25, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi, habelə bununla əlaqədar bir sıra qanunvericilik aktlarında dəyişikliklərin edilməsinə dair mətbuat məlumatı
17 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənərək, bununla əlaqədar olaraq bir sıra qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklər edilib.
Yeni Qanun diplomatik xidmət, diplomatik xidmət orqanları, onların sistemi, diplomatik xidmət orqanları əməkdaşlarının xidməti fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri, təminat və sosial müdafiə məsələlərinin daha ətraflı şəkildə təfsiri ilə öncəki mövcud qanunvericilikdən fərqlənir.
Qanunda diplomatik xidmət üzrə əsas anlayışlar daha ətraflı əhatə olunub, diplomatik xidmət haqqında mövcud qanunvericilik təsbit edilib, diplomatik xidmətin əsas prinsipləri, diplomatik xidmət orqanlarının sistemi, onların səlahiyyət dairələri aydın şəkildə qeyd olunub.
Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, funksiyalarını təsbit edən Qanunda, həmçinin diplomatik xidmət orqanları əməkdaşlarının vəzifələri, hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi, intizam məsuliyyəti, əməyin ödənilməsi, əməkdaşların və onların ailə üzvlərinin təminatı və kompensasiyaları məsələlərinin tənzimlənmə qaydaları “Diplomatik xidmət orqanları” adlı fəsildə ətraflı şəkildə öz əksini tapıb.
Diplomatik xidmətə qəbul, staj və sınaq keçmə, vakant vəzifələrin tutulması, xidmətə xitam verilmə və diplomatik xidmətdə olmanın yaş həddinə aydınlıq gətirən Qanunda, həmçinin diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası, habelə əməkdaşların beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi məsələləri də təsbit olunub.
Qanunun mətni ilə bu keçiddən tanış olmaq mümkündür.