news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2019

No:067/19, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.

T.Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verdi. Nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd etdi. Nazir Elmar Məmmədyarov münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə olduğunu bildirərək, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırdı. Bu xüsusda, nazir Elmar Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad etdi. 

Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini bildirdi və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğuladı.

Daha sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi apardılar.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər də müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti