No:065/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfransa dair məlumatı

25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.Tədbirdə AR XİN-in rəhbərliyi, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.

 

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, məşhur beynəlxalq hüquqşünas Malkolm Şou və Xocalı soyqırımının şahidi Ləfxanım (Nərgiz) Mahmudova çıxış ediblər.

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışında 30 il bundan öncə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan - Xocalı soyqırımı haqqında danışıb. 613 mülki şəxsin bir gecə ərzində xüsusi amansızlıqla, etnik mənsubiyyətinə görə qətlə yetirildiyini vurğulayan nazir, bunun Ermənistan tərəfindən aparılan irqçi siyasətin təzahürü olduğunu qeyd edib. Ceyhun Bayramov Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı fəaliyyətin aparıldığını qeyd edib və indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, eləcə də ABŞ-ın 24 ştatı tərəfindən bu cinayəti kəskin şəkildə pisləyən müvafiq qətnamələrin qəbul edildiyini söyləyib. Ermənistan tərəfindən gec olsa belə bu istiqamətdə müsbət addımların atılmasının iki xalq arasında münasibətlərin normallaşdırılmasına ciddi töhfə ola biləcəyini bildirən nazir, lakin bugün də bunun şahidi olmadığımızı təəssüflə vurğulayıb.

 

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev post münaqişə dövründə barışığın olması üçün ilk növbədə ədalətin, o cümlədən Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olmasının vacibliyini qeyd edib. Hikmət Hacıyev Xocalı soyqırımının dünya mediası tərəfindən işıqlandırılmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı Başlıbel, Malıbəyli, Qaradağlıda törədilən insanlıq əleyhinə cinayətlərin yetərincə işıqlandırılmadığını qeyd edib. O, Ermənistan xalqının bu qara ləkəni silmək üçün törədilən soyqırımı qəbul etməli və bununla bağlı üzr istəməli olduğunu vurğulayıb. 

 

Tədbirdə çıxış edən beynəlxalq hüquqşünas Malkom Şou Xocalı soyqırımının hüquqi aspektləri haqqında danışıb. O, Xocalıda törədilən cinayətin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu bildirib. Hüquqşünas, müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm də onların bir daha baş verməməsi baxımından önəmli olduğunu vurğulayıb.

 

Konfransda çıxış edən, Xocalı soyqırımı zamanı 9 yaşında 7 gün əsirlikdə qalan Xocalı şahidi Ləfxanım (Nərgiz) Mahmudova Xocalı soyqırımı zamanı onun və ailəsinin başına gətirilən vəhşiliklərdən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin necə mühasirəyə alındığını, atəşə tutulduğunu və həmin vaxt yaşadıqları dəhşətləri bölüşüb. Ləfxanım (Nərgiz) Mahmudova sonda artıq Xocalının qisasının alındığını və 30 illik həsrətə son qoyulduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Tədbir anım konserti ilə davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti