news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2019

No:065/19, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəadə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib

7 mart tarixində qarşı tərəfinin xahişinə əsasən, Nazir Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəadə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Səfir M.Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, Nazir Elmar Məmmədyarovu cari ilin 5 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət etdi.

Nazir Elmar Məmmədyarov öz tərəfindən dəvətə görə təşəkkürünü bildirdi. Xarici işlər naziri Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını və RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayaraq, cari ilin 5-6 mart tarixlərində Moskvada Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu vurğuladı. Nazir həmçinin qeyd etdi ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırıldı. Bununla bağlı vurğulandı ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.

Söhbət əsnasında tərəflər həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi apardı. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti