No:065/18, Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirlərinin Birinci Dördtərəfli Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi
Bakı Bəyannaməsi
Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirlərinin
Birinci Dördtərəfli Görüşü
Azərbaycan Respublikasının xarici işlər naziri zati-aliləri cənab Elmar Məmmədyarovun dəvəti əsasında və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri zati-aliləri cənab Mixeil Canelidzenin, İran İslam Respublikasının xarici işlər naziri zati-aliləri cənab Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri zati-aliləri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə xarici işlər nazirlərinin Birinci Dördtərəfli Görüşü 15 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində keçirildi.
Nazirlər
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin norma və prinsiplərinə sadiqliklərini vurğuladılar;
Regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək ilə bağlı sadiqliklərini bir daha təsdiq etdilər;
Ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və inkişaf etmiş tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklərini bildirdilər;
Regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlarını vurğuladılar və bu kontekstdə beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsipləri, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həllinə sadiqliklərini vurğuladılar;
Dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılaşdılar;
Regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi maraq kəsb edən regional və qlobal məsələlər ilə bağlı məsləhətləşmələrin əhəmiyyətini qeyd etdilər;
Enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləmək ilə bağlı iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini razılaşdılar;
İnvestisiyaların və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsi, o cümlədən mümkün olduğu təqdirdə enerji, nəqliyyat, telekommunikasiya, informasiya kommunikasiya texnologiyaları (İKT), sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icra edilməsi vasitəsilə əməkdaşlığın dəstəklənməsi ilə bağlı razılaşdılar;
Milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığını vurğuladılar;
Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini qeyd etdilər;
Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğuladılar;
Neft, təbii qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına istəkli olduqlarını ifadə etdilər;
Müvafiq milli qanunvericiliyə uyğun olaraq dörd ölkənin bankçılıq şəbəkələri arasında əlaqələrin təşviqi və beynəlxalq bankçılıq proseduraları, eləcə də çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məlumat və təcrübə mübadiləsi ilə bağlı razılaşdılar;
Qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğuladılar;
2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 2030-ci il üzrə davamlıı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər;
Beynəlxalq və ya regional təşkilatlarda dörd ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşdılar və bu mənada Ümumdünya EXPO 2025-ə ev sahibliyi edilməsi ilə bağlı Bakı şəhərinin namizədliyini alqışladılar; daha sonra Bakı şəhərinin 2021-ci ildə Dünya Bankı Qrupunun və Beynəlxalq Maliyyə Fondunun İdarəetmə Şurasının İllik Görüşlərinə ev sahibliyi edilməsi ilə bağlı namizəd şəhər olduğunu nəzərə aldılar;
2015 və 2017-ci illərdə keçirilmiş Tbilisi Kəmər və Yol Forumlarının vacibliyini vurğuladılar və Tbilisi şəhərində növbəti forumda yüksək səviyyəli iştirakın əhəmiyyətini qeyd etdilər;
Terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan etdilər;
Ölkələr arasında insanlararası təmasların daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;
Ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasının vacibliyini vurğuladılar;
Dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini bir daha qeyd etdilər;
Növbəti görüşün Gürcüstanda keçirilməsini razılaşdılar.
Zati-aliləri cənab Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
Zati-aliləri cənab Mixeil Canelidze
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri
Zati-aliləri cənab Məhəmməd Cavad Zərif
İran İslam Respublikasının xarici işlər naziri
Zati-aliləri cənab Mevlüt Çavuşoğlu
Türkiyə Republikasının xarici işlər naziri