news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 mart 2018

No:062/18, Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən İ.Brayoviç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirdi.

İ.Brayoviç Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı və sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoq və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xəttlə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilərək Monteneqronun Avro-Atlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırıldı. Monteneqronun Azərbaycanın Expo 2025 namizədliyinin dəstəkləməsinin təqdir olunduğu nəzərə çatdırıldı.

Azərbaycan və Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olundu. Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı.

Monteneqro Parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Minsk Qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu dedi.

Nazir E.Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı. O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti