news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 mart 2019

No:061/19, Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Azərbaycanda olmasından məmnunluğunu bildirən ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Eyni zamanda, Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndirdilər.

Nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ-da fəaliyyət fəaliyyət göstərən yevangelik  təşkilatlarının nümayəndələri Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyinin və müxtəlif dini icmaların nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının şahidi olduğunu qeyd etdilər. Bu xüsusda, qonaqlar Azərbaycanın nümunəvi dövlət olduğunu xüsusilə vurğuladılar.

Öz növbəsində, səmimi sözlərə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov bunun dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirdi.

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırdı. Nazir Elmar Məmmədyarov bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd etdi.

Görüş zamanı, həmçinin tərəflər Azərbaycan-ABŞ münasibətlərini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti