No:060/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun Polşa Respublikasına işgüzar səfəri ilə bağlı məlumatı 

21-22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş Dəyirmi Masa və Strateji dialoq üzrə məsləhətləşmələrdə iştirak məqsədi ilə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Polşa Respublikasına səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Marçin Pşıdaç Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş, Polşanın Şərq Araşdırmalar Mərkəzi və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada iştirak ediblər. Tədbirdə çıxış edən X.Xələfov Azərbaycan-Polşa münasibətlərinin 550 illik qədim tarixi, bu günü və perspektivlərindən, Azərbaycan dövlətçilik tarixində, inkişafında və şəhərsalmada tanınmış polyakların xidmətlərindən danışmış, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin xüsusi rolunu qeyd edib. Tədbirdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr edilmiş poçt açıqcasının Polşa Poçtunun rəsmilərinin iştirakı ilə rəsmi təqdimatı baş tutub.       

Tədbirin ardınca Polşa Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini X.Xələfov və Polşa Respublikasının xarici işlər nazirinin müavini M.Pşıdaçın rəhbərlik etdikləri nümayəndə heyəti arasında ölkələrimiz arasında strateji dialoq üzrə məsləhətləşmələr aparılıb. Məsləhətləşmələr zamanı, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının və Polşa Respublikasının xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi həyata keçirilib, ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə münasibətlərin durumundan razılıq ifadə edilib, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri və digər sahələrdə əməkdaşlığın inkişaf və perspektivləri müzakirə edilib.

Məsləhətləşmələrin davamı olaraq nazir müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikası Prezidentinin katibliyinin Dövlət Katibi, Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumox ilə görüş keçirib. Görüşdə Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin təbrik məktublarının mübadiləsi baş tutub, ölkələrimiz, xüsusilə ölkələrimizin rəhbərləri arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.

 

Nazir mavini X.Xələfovun, həmçinin Polşa Respublikası Senatının Vitse-marşaleki Boqdan Boruseviç və Polşa Respublikası Seyminin Vitse-marşaleki Rışard Terletski ilə, Polşa Respublikasının infrastruktur nazirinin müavini Andzej Bittel və Polşa Respublikası inkişaf və texnologiya nazirinin müavini, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın polşalı həmsədri Qjeqoj Pexoviak ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti