news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2018

No:059/18, Xarici İşlər naziri Elmar Məmmədyarov Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq əlaqələrini təqdir edərək Azərbaycan ilə Monqolustan arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə etdilər.

Damdin Tsogtbatar keçmiş SSRİ dönəmində çoxlu sayda azərbaycanlı mütəxəssislərin Monqolustanda çalışdığını, ölkənin inkişafına töhfə verdiklərini və monqolustanlı tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını qeyd etdi. O, ölkəmizə səfərinin Monqolustan tərəfindən Azərbaycanla əlaqələrin inkişafına verilən önəmin təzahürü olduğunu dedi.

Ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin təşkili ilə bağlı fəaliyyətin gücləndirilməsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda, Monqolustanlı nazir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu Monqolustana səfərə dəvət etdi.

Azərbaycan ilə Monqolustan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu bildirən nazirlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına yönəlmiş birgə səylərin zəruriliyini xüsusilə qeyd etdilər. Bu zəmində tarixi İpək Yolu əsasında Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdilər.

Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyini və Azərbaycanın namizədliyinin Monqolustan tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu vurğuladı. Nazir həmçinin, həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədəri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğuladı. Nazir münaqişənin BMT TŞ-nin müvafiq qətnamələri əsasında həllinin dəstəklənməsinə dair Monqolustanın ədalətli mövqeyini yüksək qiymətləndirdi.

Görüş zamanı həmçinin, iki ölkə arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti