No:052/19, Azərbaycan Respublikasının xarici işlər naziri c-b Elmar Məmmədyarovun Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə Xüsusi Yığıncağında çıxışı
4 Mart 2019, Buxarest
Qeyri-rəsmi tərcümə
Hörmətli həmkarlar,
Zati-aliləri,
Xanımlar və cənablar,
Əvvəla, bütün iştirakçıları salamlayaraq, "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"na (CSBS) həsr olunmuş bu xüsusi görüşün mükəmməl təşkili üçün ev sahiblərinə səmimi minnətdarlığımı çatdırmaq istərdim. İnanıram ki, onun nəticələri nəqliyyat, tranzit və logistika sahəsində ölkələrimiz və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verə bilər.
Məlum olduğu kimi, Rumıniya və Türkmənistan tərəfindən irəli sürülən CSBS ideyası ötən il Aşqabadda mütəxəssislərimiz tərəfindən ilkin olaraq müzakirə olundu və indi burada, Buxarestdə məsələ ilə bağlı nazirlər səviyyəsində fikir mübadiləsi aparmaq fürsətimiz var.
Ölkələrimizin əhatə etdiyi region müstəsna geostrateji əhəmiyyətə malikdir. O, təbii şəkildə Avropa və Asiya arasında körpü təşkil edərək, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən mühüm nəqliyyat qovşağıdır. Bu gün ölkələrimiz arasında yeni bir əməkdaşlıq istiqaməti yaratmaq niyyətimizi dəstəkləmək üçün burada toplandıq.
Əməkdaşlığımızın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur.
Əlbəttə ki, iqtisadi cəhətdən gerçəkləşdirilə bilən nəqliyyat infrastrukturunun inkişafı həmişə ticarət həcmlərinin artmasında böyük rol oynamışdır və bu da öz növbəsində, ümumi ikitərəfli və çoxtərəfli münasibətlərin təşviqinə sürətləndirici təsir göstərir.
Bunu nəzərə alaraq, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib.
Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.
Biz, həmçinin Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) üzrə indikativ İnvestisiya Fəaliyyət Planına dair Aİ-nin nəşrini və Şərq-Qərb dəhlizinin həm avtomobil, həm də dəmir yolundan ibarət Azərbaycan hissəsinin TEN-T-in əsas şəbəkələrinə daxil edilməsini alqışlayırıq. Bu, iki həftə bundan əvvəl Bakıda müvəffəqiyyətlə başlanan Aİ ilə nəqliyyat dialoqunu daha da gücləndirmək üçün möhkəm bir platformanı təmin edə bilər.
Eyni zamanda, nəzərə alınmaması qeyri-mümkün olan bəzi məsələlər var. Rumıniya bizim üçün Aİ bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir.
Sözügedən ümidverici perspektivlər və bu təşəbbüsün verə biləcəyi geoiqtisadi faydaya istinad edərək, mən yenə də geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim.
Şübhə etmirik ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərimiz tərəfindən yol xəritəsinin işlənib-hazırlanması nəticədə bizi, CSBS-nin sürətlə həyata keçirilməsini və tədricən onun səmərəli istismarını təmin etmək məqsədi ilə, çoxtərəfli razılaşmaya gətirib çıxaracaqdır.
Sözlərimi bitirərək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, onların iqtisadiyyatlarının daha canlı olmasında və çiçəklənməsində təşviqedici rol oynayacaq CSBS marşrutunun reallaşdırılması üçün gələcək səylərimizə uğurlar diləmək istərdim.
Diqqətinizə görə təşəkkür edirəm.