news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2018

No:05/18, Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb

Görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə etdilər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir Elmar Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırdı. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslar, gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiyini əlavə etdi.

Nazirlər həmçinin qarşılıqlı olaraq, dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirildi.

Nazirlər Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsisini və fəaliyyətini qeyd etdilər.

Elmar Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərdən birinin də Fransa Hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğuladı və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırdı. Fredrik Vidal 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd etdi və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini əlavə etdi.

Elmar Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil alması və tədqiqatlar aparması dəvətinə münasibətdə F.Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu bildirdi.

Görüşdə həmçinin Fransanın Strasburq Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini özündə əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti