news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 fevral 2018

No:041/18, Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.

Suzan Gəmil Nouh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və Azərbaycan və Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı.

Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıqlarını ifadə etdilər.

Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 5-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov səfir Suzan Gəmil Nouha gələcək fəaliyyətində uğurlar arzu etdi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti