No:026/20, Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq ilə görüşüb

Görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsi aparıldı və ölkələrimiz arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olundu.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğuladılar. Həmçinin, Azərbaycan və Avstriyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi müzakirə edildi.

Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran Elmar Məmmədayraov ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Avstriya şirkətlərinin Azərbaycanda əməkdaşlıq imkanlarına toxunularaq Azərbaycan ilə Avstriya arasında iqtisadi əməkdaşlığın gündən-günə möhkəmləndiyi və 60-a qədər Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi bildirildi.

Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirildi.

Eyni zamanda, görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olundu və bu əlaqələrin inkişafına dəstək ifadə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti