No:019/20, Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.
Nazirlər ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Nazir Çingiz Aydarbekov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə qeyd edərək görüşün məhsuldar keçdiyini diqqətə çatdırdı.
Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirməklə bərabər, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə etdilər.
Nazirlər eyni zamanda, Türk Şurası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq iştirakçı ölkələr arasında iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd etdilər. Bu xüsusda, Qırğızıstanın dəmir yolları layihələrini inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal iştirak etməsi perspektivləri üzrə müzakirələr aparıldı.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı.