news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 fevral 2019

No:018/19, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanmış və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilmişdir. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılmışdır.

Azərbaycan tərəfi 19-20 fevral 2019-cu il tarixlərində Bakı şəhərində adıçəkilən İşçi Qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcəkdir.  İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İclasda ölkəmiz Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti