news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 fevral 2018

No:017/18, Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər çərçivəsində Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırdı.

Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olundu.

Hər iki ölkənin xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulandı.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı qeyd olundu. Türkmənistan Prezidentinin Azərbaycana son rəsmi səfəri çərçivəsində xüsusilə iqtisadiyyatın müxtəlif sahələrinə dair imzalanmış sənədlər paketinin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm zəmin yaratdığı bildirildi.

Nazir Elmar Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırdı.

Ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfliformatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulandı.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti