No:016/20, Xarici İşlər naziri Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib.

Nazir Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Görüş zamanı tərəflər Azərbaycan və Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər. Həmçinin tərəflər əməkdaşlığın humanitar aspektlərini müzakirə etdilər.

Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə daxil olmaqla həyata keçirilən mübadilə və görüşləri qeyd etdilər. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkənin Prezidentləri arasında səmimi və səmərəli görüş keçirildiyini və iki ölkə arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulandı.

Səfir Rafal Poborski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti