No:012/23, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırır

Sual: 18 yanvar 2023-cü il tarixində Ermənistan Parlamentində sualları cavablandıran Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın 1 aydır ki, Azərbaycandan sülh sazişinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

 

Cavab: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh sazişinin imzalanması təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur. Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik.

 

Məlumdur ki, Azərbaycan tərəfindən sülh sazişi üzrə mətn ötən ilin 2 oktyabr tarixində Cenevrədə təqdim olunub və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün Moskvada 23 dekabr 2022-ci il tarixində keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, bununla da, təəssüf ki, danışıqlar prosesini pozub. 

 

Bir daha bəyan edirik ki, Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasının və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır. 

 

Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh sazişinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti