No:009/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin xarici işlər naziri Eli Kohen arasında telefon danışığına dair mətbuat məlumatı
13 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin yeni təyin olunmuş xarici işlər naziri Eli Kohen arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov ilk öncə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı ötən il keçirilən tədbirlər və qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb. Bununla yanaşı, ikitərəfli münasibətlərin çoxəsrlik tarixə malik olduğu, bu xüsusda Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə diqqətə çatdırılıb.
Nazirlər, Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək, hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. İqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub. Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.