news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2019

No:008/19, Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro Xarici İşlər Nazirliyinin baş katibi Veselin Şukoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulandı.

Tərəflər iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər. Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkdi.

Nazir E.Məmmədyarov Monteneqronun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə qarşı tərəfi məlumatlandırdı.

V.Şukoviç ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulduğunu ifadə edərək, Monteneqronun Azərbaycanda öz diplomatik missiyasını açmaq niyyətini əks etdirən notanı Azərbaycan tərəfinə təqdim etdiyini bildirdi.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti