No:006/21, Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi

Qeyri-rəsmi tərcümə

 

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün

İslamabad bəyannaməsi 

13 yanvar 2021-ci il

 

13 yanvar 2021-ci il tarixdə İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirildi.

Nazirlər,

Üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayaraq;

Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

Ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən  xaricdən dəstəklənən terror aktları, kiber hücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən İslamofobiya meyllərini dərk edərək,

Dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə edərək;

COVID - 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tamamilə anlayaraq;

İşğaldan azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi ifadə edərək;

və sülh və inkişaf naminə regional konsensusun inkişaf etdirilməsinə sadiqliyi təsdiqləyərək;

Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar etdilər;

Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyləri artırmaq barədə razılığa gəldilər;

Asiyanın ürəyi - İstanbul Prosesinin Əfqanıstan və regionda sülh, sabitlik və iqtisadi rifaha verdiyi töhfəni alqışladılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səylərini qiymətləndirdilər və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə etdilər;

Terrorizmin bütün formalarına, xarici dövlətlər tərəfindən himayə edilən terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə naminə müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yenilədilər;

2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və  İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiq etdilər və 5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik quruluşu dəyişməyə yönəlmiş insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən  dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə  həll edilməsi ilə bağlı prinsipial mövqelərini təkrar etdilər;

Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildirdilər;

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar etdilər;

Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qaldılar;

COVID 19 pandemiyasının iqtisadi artım və ictimai sağlamlığa geniş təsirlərini müzakirə etdilər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəldilər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşıqlı şəkildə həll edilməsi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və həmrəyliyə çağırdılar;

Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar verdilər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağırdılar;

Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar verdilər;

Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğuladılar və 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırdılar;

Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verdilər;

Həmçinin, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq verdilər;

 

13 yanvar 2021-ci il tarixində imzalanmışdır.

 

Zati-aliləri cənab Ceyhun Bayramov

Azərbaycan Respublikasının

xarici işlər naziri

 

Zati-aliləri Məhdum Şah Mahmud Qureşi

Pakistan İslam Respublikasının

xarici işlər naziri

 

Zati-aliləri cənab Mevlüt Çavuşoğlu

Türkiyə Respublikasının

xarici işlər naziri

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti