No:002/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Li Eun-Yong ilə görüşünə dair məlumatı

8 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib.

Nazir Ceyhun Bayramov səfir Li Eun-Yongu təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. O, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, mina təhlükəsi, işğaldan azad olunmuş ərazilərdəki həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Səfir Li Eun-Yong, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir, iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.

Tərəflər, Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, azad edilmiş ərazilərdə bərpa və yenidən quruculuq işlərinə Koreya şirkətlərinin cəlb edilməsi məsələləri müzakirə edilib.

Görüşdə, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti