No:001/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı
Bu ilin 7 yanvar tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyev şəhid olub. Vurğulamaq istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.
Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu və Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərir. Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanuna zidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir.
Allah şəhidimizə rəhmət eləsin.