No: 96/17, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclasının nəticələrinə dair mətbuata birgə məlumat
13-17 aprel 2017-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik etmişdir.
Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak etmişdirlər.
İclasda, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılmış, “Azərbaycan-Rusiya Birgə Komissiyasının 2017-ci il üzrə iş Planı” təsdiq olunmuş, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılaraq imzalanmış və yekun olaraq iclasın nəticələrinə dair Protokol imzalanmışdır.
Əldə olunmuş razılaşmaların davamı olaraq Birgə Komissiyanın növbəti iclasının cari ilin üçüncü rübündə Moskvada keçirilməsi nəzərdə tutulur.