No: 93/17, Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparıldı. Həmçinin çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edildi. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi apardılar.
Elmar Məmmədyarov həmkarının Macarıstana səfər dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğuladı. O, tərəf müqabilinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son durumu barəsində məlumat verdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu diqqətə çatdırdı.
P.Siyarto Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə danışıqlıqların başlanması prosesinə Macarıstanın tam dəstək verdiyini bildirdi. Görüşdə nazirlər həmçinin gündəlikdə olan layihələr, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi barəsində geniş fikir mübadiləsi apardılar.
Sonda E.Məmmədyarov Şərq Tərəfdaşlığına Macarıstanın prezidentliyinin başlandığını bildirərək, Macarıstanın prezidentliyinin uğurlu keçəcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.