news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 aprel 2017

No: 89/17, Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.

Görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı məlumat verdi. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışdı.

Marek Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxundu və Polşanın təcrübəsi ilə bölüşdü.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və xüsusilə Şimal-Cənub dəmir yol xəttinin Polşanın limanlarına çıxış imkanlarından danışdı.

Marek Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanlı həmkarlarını Polşaya dəvət etdi.

İnfrastruktur naziri Andjey Adamçik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini qeyd etdi və Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlığa hazırlığını ifadə etdi.

Görüşlərdə SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri ilə əməkdaşlığı, “Sarmatiya Beynəlxalq Boru Kəməri Müəssisəsi” çərçivəsində SOCAR-la Polşanın "Pşiyazn” şirkəti ilə əlaqələri məmnuniyyətlə qeyd olundu. Həmçinin, Polşanın “Novol” şirkətinin və 20-dən artıq digər şirkətinin ölkəmizdə ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti, sığorta, bankçılıq və sair sahələrdə uğurlu fəaliyyəti vurğulandı. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa iqtisadiyyatında təmsil olunması üçün əlverişli imkanların olduğu diqqətə çatdırıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti