news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2017

No: 77/17, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişin qüvvəyə minməsinə dair Mətbuat xidmətinin məlumatı

10 oktyabr 2016-cı il tarixində İsveçrənin Bern şəhərində imzalanmış və 16 dekabr 2016-cı il tarixli 464-VQ nömrəli qanunla AR Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş 1 aprel 2017-ci il tarixində qüvvəyə minir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə biləcəklər. Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən, yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə biləcəklər.

Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri, çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti