No: 57/17, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 6 mart 2016-cı il tarixində Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrovla görüşüb.
Görüşdən öncə nazirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak etdilər.
Görüş əsnasında İki ölkənin liderlərinin iradələrinin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm təkan verdiyi vurğulandı. Nazirlər ikitərəfli tərəfdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə edərək 25 illik dövr ərzində iki ölkə arasındakı ənənəvi dostluğun və əməkdaşlığın dərinləşməsində mühüm nailiyyətlərə imza atıldığını qeyd etdilər.
Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində hökumətlərarası müştərək komissiyanın və hökumət üzvləri səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Bu xüsusda Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığının genişlənməsinin xüsusi rola malik olduğu diqqətə çatdırıldı və birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olundu.
Tərəflər parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunaraq, parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ölkələrimiz arasında dostluq və anlaşmanın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirdilər.
İki ölkə arasında müqavilə-hüquq bazasının 200-dən artıq müxtəlif sənədi əhatə etməsi müsbət hal kimi qiymətləndirildi.
Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə dair ətraflı fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov danışıqlar prosesində irəliləyişin əldə olunması üçün Azərbaycanın mövqeyi barəsində həmkarına ətraflı məlumat verdi.
Tərəflər Azərbaycan və Rusiyanın Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsinə dair ortaq baxışa malik olduqlarını bildirdilər.
Regional məsələləri müzakirə edən nazirlər üçtərəfli formatda Azərbaycan-İran-Rusiya əməkdaşlığının siyasi, iqtisadi və nəqliyyat imkanları baxımdan regionlararası əməkdaşlığın inkişafında vacib amil olduğunu vurğuladılar və bu xüsusda, 2016-cı ilin avqustunda üç ölkənin dövlət başçısının iştirakı ilə keçirilmiş Bakı görüşünün əhəmiyyətini qeyd etdilər. Həmçinin, üçtərəfli regional əməkdaşlıq formatının genişləndirilməsi imkanları da nəzərdən keçirildi.
Nazirlər Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxundular və beynəlxalq gündəliyə aid qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Azərbaycan və Rusiya əməkdaşlığında humanitar əlaqələrin xüsusi əhəmiyyət daşıdığı qeyd olundu. Bu baxımdan xüsusilə Azərbaycanda rus dilinə göstərilən qayğı, orta və ali təhsil müəssisələrində rusdilli bölmələrin fəaliyyəti, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması kimi müsbət məqamlar qeyd olundu.
Görüş zamanı “Rusiya Federasiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalandı. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.