No: 53/17, Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrəyə səfər edib
27 fevral 2017-ci il tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası öz işinə başlamışdır. Sessiyanın 27 fevral - 1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış etmişdir.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 28 fevral tarixində Yüksək Səviyyəli Seqmentdə çıxış etmişdir. Öz çıxışında nazir müavini M.Məmməd-Quliyev ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat vermişdir. Bu xüsusda, o, ölkəmizdə vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək məqsədilə cari ilin yanvar ayında tətbiqinə başlanmış xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını qeyd etmiş, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı haqqında sessiya iştirakçılarına məlumat vermişdir.
Nazir müavini ölkəmizin BMT-nin İHŞ və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmış, İHŞ-nin xüsusi nümayəndələri və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirmişdir. Eyni zamanda, o, 2016-cı ilin sentyabrında ölkəmizə səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulamışdır.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş nazir müavini M.Məmməd-Quliyev, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirmişdir. Nazir müavini həmçinin, iki gün öncə Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı Soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırmışdır. Bununla bağlı M.Məmməd-Quliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırmışdır.
Səfər çərçivəsində nazir müavini M.Məmməd-Quliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılmış, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilmişdir. Nazir müavini M.Məmməd-Quliyev BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırmış, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi ilə qeyd olunmuşdur. BQXK-nın prezidenti P.Maurer təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirərək, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Səfər zamanı nazir müavini M.Məmməd-Quliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmud ilə görüşmüşdür. Görüşdə Azərbaycan və BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılmış, Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş azərbaycanlıların vəziyyəti, onların öz doğma torpaqlarına qayıtması məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanmışdır.
Səfər müddətində nazir müavini M.Məmməd-Quliyev həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşmüşdür. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilmiş və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd etmiş nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirmişdir. F.Qarri Azərbaycanın ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd etmiş və qarşılıqlı əməkdaşlığın daha da geniş şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.