news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 fevral 2017

No: 44/17, Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Mətbuat xidmətinin məlumatı

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Belçika xalqını, həmin ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders isə Azərbaycan xalqını təbrik edib.

Elmar Məmmədyarov iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoqun mövcudluğunu vurğulayaraq, 6 fevral 2017-ci ildə Belçika Krallığına yüksək səviyyəli səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Əlahəzrət Kral Filip arasında keçirilmiş görüşün buna bariz nümunə olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.

Belçikanın Baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders Azərbaycanın keçmiş Sovet Respublikaları içərində Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğunu qeyd edərək, ötən 25 il ərzində iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Sözügedən müddət ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlər səviyyəndə mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında siyasi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti