No: 40/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa və Amerika məsələləri üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Alan Dunkan ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik konfransı çərçivəsində Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Alan Dunkan ilə görüşüb.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olundu, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdi. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri miqyasli enerji layihələri - Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri haqqında danışdı, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd etdi.
Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.
Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verdi.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olundu.