No: 36/17, Xarici işlər naziri Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (Amerika Birləşmiş Ştatları), həmçinin ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.
Görüşdə Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğuladı.
Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi oldu.