news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 fevral 2017

No: 35/17, Azərbaycan Respublikası və Fələstin Dövləti arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

16 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası və Fələstin Dövləti arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstin Dövlətini isə xarici işlər nazirinin müavini Mazen Şamiya təmsil edib.

Xələf Xələfov ölkəmiz ilə Fələstin arasında tarixi köklərə malik olan əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. O, Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğuladı.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verdi.

Mazen Şamiya Fələstin Dövlətinin Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. O, Azərbaycanın Fələstinə beynəlxalq səviyyədə verdiyi dəstəyin və göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Mazen Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirərək, regionun lider dövləti kimi Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını vurğuladı. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən Fələstinli nazir müavini Azərbaycanın islam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğuladı.

X.Xələfov müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsində ölkəmizin rolu və əhəmiyyəti haqqında danışaraq, bu xüsusda ölkə başçısının sərəncamına uyğun olaraq, 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan olunmasına diqqəti çəkdi. Həmçinin ölkəmizin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini qeyd edən X.Xələfov, bütün bu tədbirlər və görüləcək işlərin dövlətimizin, həmçinin Prezident cənab İlham Əliyevin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisi olduğunu vurğuladı.

Görüşdə həmçinin Azərbaycan və Fələstin arasında yüksək qarşılıqlı səfərlərin sayının artırılması, kənd təsərrüfatı, humanitar, turzim, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi kimi məsələlər müzakirə olundu və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş fikir mübadiləsi aparıldı.

Fələstin tərəfi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti