No: 351/17, Bakı Bəyannaməsi, "Gücləndirilmiş Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və iqtisadi uzlaşma"
1. Biz, iştirak edən və dəstəkləyən dövlətlərin xarici işlər nazirləri və yüksək səviyyəli təmsilçiləri beynəlxalq və regional təşkilatların yüksək səviyyəli təmsilçiləri ilə birgə 1 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində Asiyanın Qəlbi-İstanbul prosesi üzrə VII Nazirlər Konfransında görüşdük. Konfransa Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Əfqanıstan İslam Respublikasının xarici işlər naziri cənab Salahuddin Rabbani həmsədrlik etdi.
2. Biz VII Nazirlər Şurasını təntənəli surətdə açıq elan edən Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qani və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə təşəkkürümüzü ifadə edirik.
3. Biz İstanbul (2011), Kabul (2012), Almata (2013), Pekin (2014) və Amritsarda (2016) keçirilmiş öncəki altı Nazirlər Konfransını xatırlayır və bu Konfransların Bəyannamələrində əks olunmuş və Asiyanın Qəlbi-İstanbul Prosesinin fəaliyyəti və Asiyanın Qəlbi regionunda sülh və tərəqqinin təşviqi hədəfi üçün idealları müəyyənləşdirən prinsip, məqsəd və nəticələrə sadiqliyimizi bir daha təsdiq edirik.
4. Biz Asiyanın Qəlbi-İstanbul Prosesinin regional dövlətlər arasında dialoqun gücləndirilməsi və etimadın qurulması baxımından həlledici, unikal və əhəmiyyətli platforma olduğunu bir daha təsdiq edirik. Asiyanın Qəlbi-İstanbul Prosesi Əfqanıstanda və bütün regionda sülh, sabitlik və tərəqqinin qurulması məqsədilə regional, siyasi və iqtisadi əməkdaşlığı təşviq edir.
5. Biz Asiyanın Qəlbi regionunda ortaq çağırışların qarşısının alınması və təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təşviqi məqsədilə effektiv və lazımi vasitə kimi regional əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu vurğulayırıq. Bu ortaq məqsədlə, biz iştirakçı dövlətlər arasında əməkdaşlığın dürüst və effektiv şəkildə gücləndirilməsinə sadiqliyimizi təsdiq edirik.
6. Biz BMT Nizamnaməsi və təsbit olunmuş suverenlik, müstəqillik, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı, xalqların suveren bərabərliyi və digər dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə, habelə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyimizi bir daha bəyan edirik. Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə sadiqliyimizi bir daha qeyd edirik. Sabitlik, sülh və tərəqqinin bərqərar olması naminə Asiyanın Qəlbi regionuna daxil olan dövlətlər arasında siyasi dialoq və məsləhətləşmələrin əhəmiyyətini yenidən vurğulayırıq.
7. Biz istənilən dövlətin siyasi müstəqilliyi, ərazi bütövlüyü və ya suverenliyinə qarşı təhdid və ya gücdən istifadədən çəkinməyə dair öhdəliyi bir daha təkrar edirik. Biz Asiyanın Qəlbi regionunun dövlətləri arasında mehriban qonşuluq, dinc yanaşı yaşama və digər dövlətlərin daxili işlərinə qarışmama prinsipləri üzərində qurulmuş dostluq münasibətlərinin inkişafına sadiqliyimizi bir daha təsdiq edirik.
8. Biz Əfqanıstan Hökumətinin regional uzlaşmanın təşviqi və infrastruktur halqalarının inkişafı, həmçinin yüksələn etimad mühitinin qurulması istiqamətində konstruktiv səy və öhdəliklərini yüksək qiymətləndirir və qəti yekdil dəstəyimizi ifadə edirik.
9. Əfqanıstan və onu əhatə edən regionun sabitliyi və rifahının əhəmiyyətli dərəcədə təşviqi məqsədilə regionda etimad və əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu vurğulayırıq. Ümumi maraq doğuran və Əfqanıstan və ümumilikdə region üçün əhəmiyyətli məsələlərə dair Əfqanıstan və onun yaxın və geniş qonşuları arasında davamlı və effektiv dialoq prosesində fəal iştirak etməyə razılaşdıq.
Terrorçuluğa qarşı mübarizə
10. Biz terrorçuluq, terrorçuluğa zəmin yaradan ekstremizm, radikallaşma, separatçılıq, məzhəbçilik və onlar arasındakı əlaqəni Əfqanıstanda, Asiyanın Qəlbi regionunda və ümumilikdə beynəlxalq dövlət sistemində sülh, təhlükəsizlik və iqtisadi inkişafa ciddi çağırış kimi görürük.
11. Biz terrorçuluğun hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilməsinin əleyhinə olduğumuzu bir daha təsdiq edirik.
12. Terrorçuluğa qarşı mübarizə Asiyanın Qəlbi regionunun bütün dövlətləri üçün əsas prioritetdir və biz genişləndirilmiş regional həmrəylik və əməkdaşlıq vasitəsilə BMT Nizamnaməsinə və beynəlxalq insan hüquqları hüququ, beynəlxalq qaçqınlar hüququ və beynəlxalq humanitar hüquq da daxil olmaqla, beynəlxalq hüquq öhdəliklərinə uyğun olaraq, həmçinin müvafiq beynəlxalq konvensiyaların tam yerinə yetirilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və BMT-nin Qlobal Terrorçuluqla Mübarizə Strategiyası vasitəsilə terror aktlarının qarşısının alınması və ləğv edilməsi istiqamətində birgə işləmək niyyətimizi bir daha bəyan edirik. Biz BMT Baş Assambleyasının 21/79 saylı qətnaməsinə uyğun olaraq, Asiyanın qəlbi regionunda terrorçuluğun qarşısının alınması, ləğvi və aradan qaldırılması məqsədilə yeni yaradılmış BMT-nin Terrorçuluqla Mübarizə Ofisi ilə işləməyə hazır olduğumuzu ifadə edirik.
13. Biz Asiyanın Qəlbi regionunda terrorçu sığınacaqlarının dağıdılması, həmçinin heç bir fərq qoymadan terrorçuluğa bütün maliyyə, taktiki və logistik və ya hər hansı bir dəstəyin kəsilməsi da daxil olmaqla, terrorçuluğun bütün forma və təzahürlərinin aradan qaldırılması, xarici terrorçü döyüşçülər də daxil olmaqla, terrorçu və terror qruplarının hərəkətinin qarşısının alınması və qadağan edilməsinin təmini istiqamətində regional və beynəlxalq əməkdaşlığa çağırırıq. Bu xüsusda, biz dövlətləri terrorçuluqla mübarizə sahəsində müvafiq milli siyasətlərinə, beynəlxalq öhdəliklərinə və BMT-nin Qlobal Terrorçuluq Strategiyasına uyğun olaraq, bu terrorçu təsisatlara qarşı mübarizə aparmağa səsləyirik.
14. İslamabad şəhərində keçirilmiş Asiyanın Qəlbi-İstanbul Prosesinin V Nazirlər Konfransında bildirdiyimiz kimi, terrorçuluğa zəmin yaradan ekstremizmin terror aktları və zorakılığı təşviq və təhrik etdiyini və onlara haqq qazandırdığını bir daha təsdiq edirik və terrorçuluğun qarşısının alınması və terrorçuluqla mübarizə məqsədilə bütün müvafiq tədbirləri görməyi öz üzərimizə götürürük. Biz radikallaşma və gənclərin terror şəbəkələri və onların dəstəkçilərinə cəlb edilməsinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülməsinə ehtiyac olduğunu təsdiq edirik. Biz əhalinin tərkib hissəsinin, xüsusilə də gənclərin radikallaşması hallarının yalnız Asiyanın Qəlbi regionu dövlətlərinin cəlb olunduğu, effektli de-radikallaşma və radikallaşmaya qarşı mübarizə strategiyası vasitəsilə qarşısının alınmasının mümkünlüyünü qəbul edirik. Biz Asiyanın Qəlbi regionu dövlətlərinin ayrı-ayrılıqda de-radikallaşma və radikallaşmaya qarşı mübarizə sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqinə sadiqik.
15. Asiyanın Qəlbinin regional təhdidlərin müzakirə edilməsi baxımından regional platforma olduğunu nəzərə alaraq, terror və ekstremizm təhlükəsinə qarşı mübarizənin əlaqələndirilmiş və vahid yanaşma tələb etdiyinə inanırıq. Biz İslamabad və Amritsarda keçirilmiş Nazirlər Konfransında qəbul edilmiş qərarların davamı olaraq, BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində regional terrorçuluqla mübarizə strategiyası layihəsinə dair mütəxəssislərin birinci görüşünü təqdir edirik. Biz təklif edilmiş strategiya çərçivə layihəsinin əsas elementlərinin müzakirəsi və Asiyanın Qəlbi-İstanbul prosesi Yüksək Vəzifəli şəxslərin görüşünə tövsiyələr hazırlanıb təqdim edilməsi məqsədilə mütəxəssis görüşlərinin davam etdirilməsini razılaşdırırıq.
16. 2015 və 2016-cı illər Asiyanın qəlbi Bəyannamələrində qeyd olunmuş bütün terror qrupları da daxil olmaqla, Talıban tərəfindən Əfqanıstan və Asiyanın qəlbi regionunda zorakılığın yüksək səviyyəsindən dərin narahatlığımız davam edir. Mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan bu terror qrupları regionumuzun siyasi və geo-siyasi vəziyyətinə təsir ilə ölkələrimizin suverenlik və təhlükəsizliyini pozaraq, təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Biz Etimad Qurucu Tədbirlərın Regional Texniki Qrupunun Terrorçuluqla Mübarizə bölməsini Əfqanıstan və Asiyanın qəlbi regionunun sülh və təhlükəsizliyinə təhdid olan terrorçu qrupların razılaşdırılmış birgə siyahısını yekunlaşdırmağa və birgə səylər vasitəsilə onlara qarşı mübarizəni davam etdirmək məqsədilə yollar və metodologiyalar araşdırmağa çağırırıq. Əfqanıstan bu terror qruplarına qarşı müharibənin önündə mübarizəsini davam etdirərkən, Asiyanın qəlbi-İstanbul Prosesinin iştirakçı dövlətləri Əfqanıstan hökumətinin Əfqan Talibanla sülh və barışıq istiqamətində səylərini və terror qruplarına qarşı mübarizəsini dəstəkləyir.
17. Biz bu il boyunca 11 yanvar Qəndahar, 31 may Kabul və 7 noyabr Calalabadda baş vermiş terror aktları da daxil olmaqla, Əfqanıstan, İran, Pakistan, Rusiya və dünyanın digər regionlarında yüzlərcə insanın həyatını itirməsi, xəsarət alması və ictimai və özəl mülkiyyətin dağıdılması ilə nəticələnən terror aktlarını qəti qınayırıq.
18. Biz Əfqanıstanda terror qrupları və İŞİD-a qarşı mübarizə aparan və ölkədə sülh və təhlükəsizliyin təmin olunmasında göstərdikləri şücaətə görə Əfqan Milli Müdafiə Təhlükəsizlik Qüvvələrinin (ANDSF) fəaliyyətini təqdir edirik. Biz Əfqanıstanda uzunmüddətli, dayanıqlı təhlükəsizlik və sabitliyə nail olunması məqsədilə Beynəlxalq cəmiyyət və Əfqanıstan Hökuməti arasında imzalanmış, 2020-ci ilə qədər ANDSF-ə davamlı maliyyə və hərbi texniki dəstək və yardımın təmin edilməsi, həmçinin Post-ISAF Missiyası çərçivəsində edilən təlimlər, tövsiyə və yardım edilməsini nəzərdə tutan razılaşmaları alqışlayırıq. Biz həmçinin ANDSF və beynəlxalq qüvvələrin həlak olmuş üzvlərini dərin ehtiramla yad edirik.
Narkotik maddələr və mütəşəkkil cinayət
19. Biz bu il Əfqanıstanda tiryəkin qeyri-qanuni becərilməsi və istehsalında müşahidə edilən kəskin artımdan, Asiyanın Qəlbi regionu və bu regionun hüdudlarından kənarda narkotik maddələrin dövriyyəsi həcmi, ticarəti, prekursorların ticarəti və qeyri-qanuni narkotik maddələrə artan tələbdən narahatıq. Bu, yalnız Əfqanıstanda deyil, ətraf regionda və ümumilikdə dünyada sosial-iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Tiryək becərilməsinin tamamilə ləğvi, alternativ qazanc sahələri, hüquq mühafizə, qarşısının alınması, müalicə, reabilitasiya və ictimai məlumatlandırma səyləri bu ortaq çağırışla mübarizə məqsədilə ümumi və ortaq məsuliyyət prinsiplərinə əsaslanan və narkotik maddələrə dair beynəlxalq konvensiyalarla uyğun olan hərtərəfli və birgə strategiyanın bir hissəsi kimi tələb olunur. alternativ qazanc sahələri və ictimai məlumatlandırma səyləri tələb edir.
20. Biz 9-10 oktyabr 2017-ci il tarixində narkotik maddələrlə mübarizə probleminin müzakirəsi və narkotik maddələrlə mübarizəyə dair regional strategiya layihəsinin hazırlanması məqsədilə Kabulda keçirilmiş Regional Konfransı qeyd edirik. Biz həmçinin 16-17 noyabr 2017-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində UNODC tərəfindən keçirilmiş “Regional və beynəlxalq tərəfdaşlar arasında Əfqanıstanın Alternativ İnkişaf Təşəbbüslərinin təşviq edilməsi”nə dair Yüksək səviyyəli Beynəlxalq Konfransı qiymətləndiririk. Biz məhsula nəzarət, narkotik maddələrinin ticarətinin və prekursorların alveri istiqamətində hərtərəfli strategiyalar çərçivəsində təşviq edilməli alternativ inkişaf tədbirlərini dəstəkləyirik. Əfqanıstan və Asiyanın Qəlbi regionunda və dünyada narkotik maddələr probleminin həll edilməsi baxımından hərtərəfli yanaşmanın tətbiq edilməsinin vacib olduğuna inanırıq. Biz Əfqanıstanda, Asiyanın Qəlbi regionunda və dünyada qeyri-qanuni narkotik vasitələrdən əldə edilən gəlirlə terror təşkilatlarına maliyyə dəstəyi arasında mövcud olan əlaqədən qaynaqlanan ciddi problemlərə reaksiya verilməsinə ciddi ehtiyac olduğunu vurğulayırıq. Biz 2009-cu ilin Siyasi Bəyannaməsi və Fəaliyyət Planının, Narkotik maddələr üzrə Komissiyanın 2014-cü il Nazirlər Bəyanatının və 2016-ci ilin aprelində keçirilmiş “Dünya narkotik maddələr probleminə qarşı effektiv mübarizəyə dair Birgə Öhdəliyimiz” başlıqlı BMT Baş Assambleyasının 13-cü Xüsusi sessiyasının sənədinin icrası üzrə səylərin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayırıq.
Qaçqınlar və geri qayıdanlar
21. Biz region və onun hüdudlarından kənardakı ölkələrin artıq 4-cü onillikdir ki milyonlarla əfqan qaçqınını qəbul etməsini və hər növ dəstək göstərməsini təqdir edirik. Biz xüsusilə qonşu İran və Pakistanın uzun zaman müddətində əfqan qaçqınlarını qəbul etməsini qeyd edirik və qaçqınların vətənlərinə könüllü, təhlükəsiz və şərəfli geri qayıdışı üçün əlverişli şəraitin yaradılmasına çağırırıq. Qaçqınların rifahı və insan hüquqlarına hörmətlə yanaşaraq, beynəlxalq cəmiyyəti onların şərəfli geri dönüşü və dayanıqlı yenidən məskunlaşması məqsədilə gənclik, təhsil və yaşayış şəraitinin təmininə yönəlmiş dəstək və hərtərəfli yardım göstərməyə dəvət edirik. Beynəlxalq cəmiyyət həmçinin qəbul edən dövlətlərdə əfqan qaçqınlarının zəruri yaşayış tələbatlarının qarşılanmasında qəbul edən cəmiyyətlərə də yardımı davam etdirməlidir.
22. Biz Həll Strategiyasının vacib addımları kimi İran və Əfqanıstandan əfqan qaçqınlarının könüllü geri qayıtması üzrə Əfqanıstan-Pakistan-UNCHR (BMT-nin Qaçqınlar üzrə ali komissarlığı) və Əfqanıstan-İran-UNCHR Üçtərəfli Komissiyalarının fəaliyyətini qeyd edirik və bu kritik zaman aralığında əfqan qaçqınlarının vəziyyətinə beynəlxalq cəmiyyətin diqqətini yenidən cəlb edən UNCHR Yüksək səviyyəli İcraçı Komitənin Yekun Bəyanatını dəstəkləyirik. Biz donorları repatriasiya qrantlarının dəstəklənməsi məqsədilə UNCHR-a ianələr etməyə dəvət edirik.
Beynəlxalq cəmiyyətin rolu
23. Biz Əfqanıstan Hökuməti və xalqını dəstəklədiyinə görə beynəlxalq cəmiyyətin sadiqliyini yüksək qiymətləndiririk və Əfqanıstanda sülh, sabitlik və tərəqqiyə nail olunması istiqamətində bu səpkidə olan dəstəyin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayırıq. Biz Əfqanıstana yardımın davam etdirilməsini təqdir edirik. Ötən il keçirilmiş Brüssel Konfransında 100-dən çox dövlət və beynəlxalq təşkilatlar tərəfindən inkişaf yardımına sadiqliyi təqdir edirik.
24. Biz beynəlxalq cəmiyyəti Asiyanın qəlbi regionu daxilində ifrastruktur uzlaşması və iqtisadi əlaqələrə əsaslanan təhlükəsiz, sabit və çiçəklənən Əfqanıstan naminə beynəlxalq və regional əməkdaşlığın daha da gücləndirilməsinə çağırırıq.
25. Biz İslam ölkələrinin təmsilçiliyi ilə Əfqanıstanda sülh və təhlükəsizliyə dair Beynəlxalq Üləma Konfransının keçirilməsi istiqamətində İƏT və Əfqanıstanın davam edən səylərini yüksək qiymətləndiririk və əldə ediləcək müsbət nəticənin Əfqanıstanda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümidvarıq. Biz həmçinin Kabulda İslam Universitetinin təsis edilməsinə dair İslam Əməkdaşlıq Təşkilatının 44-cü Xarici İşlər Nazirləri Şurasının 3/44 saylı Qətnaməsinin təklifini qiymətləndiririk və İƏT Baş katibinin İBD, İSF və digər maraqlı potensial donor dövlətlərinin əfqan rəsmiləri ilə bu layihənin hüquqi, praktiki və maliyyə aspektlərini məsləhətləşmək məqsədilə Kabula göndərilməsini alqışlayırıq. Bu Universitetin təsisi Əfqanistanda təhsilin, deradikallaşmanın və sülh quruculuğunun təşviqinə töfhə verəcək.
26. Biz Asiyanın qəlbi regionunda münaqişələrin qarşısının alınması, sülh danışıqları və münaqişə sonrası proseslərdə qadınların roluna dair BMT Təhlükəsizlik Şurasının 1325 (2000) saylı qətnaməsi və sonrakı qətnamələrinin əhəmiyyətini vurğulayırıq.
Regional təşkilatlar
27. Biz Asiyanın qəlbi ölkələrinin müxtəlif birləşmələrini əhatə edən regional təşkilatların əhəmiyyətli rolunu qeyd edirik. Xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad qurucu Tədbirlər Konfransı, , Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, Avrasiya İqtisadi Cəmiyyəti, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üzrə Xüsusi Proqramı və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının regionda genişləndirilmiş təhlükəsizlik və iqtisadi inkişaf istiqamətində əməkdaşlıqda əhəmiyyətli rolunu diqqətə çatdırırıq.
28. Biz Əfqanıstanın üzvü olduğu regional təşkilatlarda fəal iştirakını təqdir edirik. Biz həmçinin Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsini və Əfqanıstan və İranın bu təşkilatın tamhüquqlu üzvlüyə dair rəsmi müraciətini yüksək qiymətləndiririk. Bu baxımdan, 11 oktyabr 2017-ci il tarixində Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı-Əfqanıstan Əlaqələndirici Qrupunun uğurlu iclasını qeyd edirik.
29. Asiyanın Qəlbi-İstanbul Prosesinin digər regional təşkilatlarla münasibətlərinin gücləndirilməsi, həmçinin və daha yaxşı əməkdaşlıq çərçivəsinin inkişaf etdirilməsi üçün araşdırma və tədqiqatların aparılması, Prosesin Yüksək vəzifəli şəxslərinin Görüşü üçün tövsiyələrin təqdim edilməsinə dair Asiyanın ürəyi-İstanbul Prosesinin 2016-cı ilin İllik Hesabatının tövsiyələrini alqışlayırıq.
Sülh və Barışıq Səyləri
30. Biz Əfqanıstan Hökumətinin sülh prosesinə qoşulmaqda maraqlı olan tərəf və qruplarla sülh danışıqları vasitəsilə münaqişənin sülh yolu ilə siyasi yolla həllinə nail olunması istiqamətindəki səylərini təqdir edirik. Biz 2016-cı ilin sentyabrında Hizb-e-İslami Gulbiddin Hekmatyar ilə əldə edilmiş sülh razılaşmasını və bu razılaşmanın yerinə yetirilməsini alqışlayırıq. Biz bu razılaşmanın Əfqanıstanda zorakılığın azalmasına yol açacağına və digər silahlı qruplaşmalarla gələcək sülh danışıqları üçün presedent yaracağına ümid edirik.
31. Biz Əfqanıstanda davamlı sülh baxımından siyasi danışıqlar yolu ilə həllin vacib olaraq qaldığını qeyd edirik. Biz Əfqanıstan Hökumətinin əfqanlar tərəfindən rəhbərlik edilən və əfqanların təşəbbüskarı olduğu sülh prosesində göstərdiyi səylərə dəstəyimizi bir daha ifadə edirik. Bu xüsusda, biz Amritsarda keçirilmiş VI Nazirlər Konfransından keçən müddət ərzində Asiyanın qəlbi ölkələri tərəfindən Əfqanıstana sülh və sabitlik gətirməsi məqsədi daşıyan Kabul Prosesi Konfransı, Moskva Görüşləri və Dördtərəfli Əlaqələndirmə Qruplarının işini və digər regional təşəbbüslərin təqdir edirik.
32. Biz Əfqan Taliban qruplarını Əfqanıstan Hökuməti ilə sülh danışıqlarına başlamağa çağırırıq. Bu prosesdə qonşu dövlətlər və regional tərəfdaşların töhfələrinin əhəmiyyətini qeyd edərək, Taliban üzərində təzyiq və təsir imkanları olan region və regionun hüdudlarından kənarda bütün dövlətləri bu təzyiq və təsir imkanlarından istifadə edərək, Əfqanıstandakı münaqişəyə sülh yolu ilə daimi siyasi həll tapılması məqsədilə Əfqanıstanın rəhbərliyi ilə Talibanın danışıqlar masasına gətirilməsinə çağırırıq.
Regional İqtisadi Əməkdaşlıq
33. Biz Əfqanıstanın Asiyanın Qəlbi regionunda regional uzlaşma və iqtisadi inteqrasiyanın təşviqində təbii torpaq/quru körpü rolunu qeyd edirik və biz regional iqtisadi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Əfqanıstanın öz coğrafi yerləşməsindən faydalanma səylərinə qəti dəstəyimizi bir daha bəyan edirik. Biz iqtisadi inkişafın Əfqanıstanda, regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyini və regional iqtisadi inteqrasiyanı genişləndirəcəyini vurğulayırıq. Bu xüsusda, TAPI və CASA 1000 layihələrinin praktiki icrasını; TAP 500-KV layihəsinə dair davam edən müzakirələri; Herat-Xaf dəmiryolu segmentinin 4-cü fazası da daxil olmaqla, 5 Dövlət Dəmiryolu layihəsində əldə edilmiş irəliləyişlər; Türkmənistan, Əfqanıstan və Tacikistanı birləşdirən TAT layihəsinin ilkin mərhələsi olan İmamnazar (Türkmənistan) və Aqina (Əfqanıstan) arasında Asiya Beynəlxalq Dəmiryol Dəhlizinin birinci mərhələsinin, həmçinin Mazar-Əl-Şərif-Hairatan Dəmiryolu və Surxon-Pule Xumri elektrik xəttinin tamamlanmasını təqdir edirik. Biz Əfqanıstan və Hindistan arasında hava yükdaşıma dəhlizi və Çin Xalq Respublikası ilə Əfqanıstan İslam Respublikası Hökumətləri arasında İqtisadi İpək Yolunun Birgə qurulması və 21-ci əsr Dəniz İpək Yolunun qurulmasına dair Qarşılıqlı Anlaşma Memorandumunu, həmçinin Sərhətabad-Torghondi dəmiryolunun inşasına başlanılmasını alqışlayırıq.
34. Əfqanıstan və regionu dəniz limanlarına birləşdirəcək infrastrukturun inkişafını hədəfləməklə, Asiyanın qəlbi regionu çərçivəsində əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılmasına region dövlətlərinin davamlı sadiqliyini dəstəkləyirik. Biz həmçinin Əfqanıstan, İran və Hindistan tərəfindən atılan əhəmiyyətli addımlar və Çabahar vasitəsilə dənizə çıxışa əsaslanan nəqliyyat və tranzit razılaşmalarının fəaliyyətə başlamasını qeyd edirik. Biz region və regionun hüdudlarından kənardakı bazarlara Əfqanıstanın dəniz-quru çıxışının təmin olunmasının əhəmiyyətini qeyd edirik. Bu kontekstdə, Lapis Lazuli müqaviləsinin imzalanmasını təqdir edirik və vaxtında icrasını, həmçinin Əfqanıstana aidiyyəti olan Kəmər və Yol Təşəbbüsü çərçivəsində davam edən işləri dəstəkləyirik. Bu layihələrin icrasından sonra sözügedən dəhlizlər Əfqanıstan və daha geniş regionun regional və qlobal bazarlarına əlavə və etibarlı çıxışı təmin edəcək.
35. Biz region boyunca əmtəələrin dövriyyəsinin surətinin ən yüksək həddə çatdırılmasının zəruriliyini vurğulayır və bu kontekstdə, ticarət və tranzitdə qeyri-tarif maneələrinin aradan qaldırılması, ikitərəfli və çoxtərəfli regional tranzit-ticarət çərçivə sazişlərinin təsisi və icrası sahəsində daha sıx əməkdaşlıq etmək barəsində razılığa gəlirik. Bu xüsusda, biz quru yol vasitəsilə Cənubi Asiya və Mərkəzi Asiya vasitəsilə şimal və cənub istiqaməti ilə bağlı olan mövcud ikitərəfli ticarət və tranzit razılaşmalarının genişləndirilməsi yolu ilə inteqrasiyaya olan zərurəti vurğulayırıq.
36. Asiyanın qəlbi regionunda iqtisadi artım və gəlir əldə edilməsi məqsədilə kiçik və orta ölçülü müəssisələrin rolunun əhəmiyyətini qeyd edirik və qadın sahibkarlığı da daxil olmaqla, kiçik və orta ölçülü müəssisələrin yüksəlişinin gücləndirilməsi və onların sərhəd boyunca digər ölkələrə genişlənməsi istiqamətində tədbirlər görməyə sadiqliyimizi ifadə edirik. Biz xüsusilə qadın sahibkarlar üçün kiçik və orta ölçülü müəssisələrin bazara çıxış əldə etmə imkanının təminin əhəmiyyətini vurğulayırıq.
37. Biz Əfqanıstan və regionda iqtisadi əməkdaşlığın təşviqi baxımından RECCA-nın regional platforma kimi əhəmiyyətini qeyd edirik. Bu xüsusda, biz 14-15 noyabr 2017-ci il tarixində Aşqabadda keçirilmiş Əfqanıstan üzrə VII Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA VII) uğuru yekununu və bu konfransa ev sahibliyi edilməsində Türkmənistanın xüsusi rolunu təqdir edirik. Biz RECCA VII-nın Bəyannaməsində də əks olunduğu kimi, enerji, tranzit şəbəkələri, ticarət və tranzit, kommunikasiya, B2B və əmək dəstəyi sahəsində prioritet regional layihələr üzrə qərarların yerinə yetirilməsinə dəstəyimizi bir daha bəyan edirik.
Etimad qurucu tədbirlər
38. Asiyanın Qəlbi-İstanbul Prosesi çərçivəsində müəyyən edilmiş 6 etimad qurucu tədbirlərin icrasının təşviqinə kollektiv dəstəyimizi bir daha bəyan edərək, 2016-ci ilin dekabr ayında Amritsarda baş tutmuş görüşümüzdən keçən müddət ərzində müxtəlif etimad qurucu tədbirlər çərçivəsində bir sıra işlərin görülməsindən məmnunluğumuzu ifadə edirik.
39. Biz Etimad Qurucu Tədbirlərin effektiv icrasına kömək edəcək sahəvi nazirliklərdən texniki əlaqələndiricilərin təyin edilməsinə dair Əfqanıstanın təşəbbüsünü təqdir edirik.
40. Etimad Qurucu Tədbirlər çərçivəsində digər işlərin icrasının izlənilməsi məqsədilə İran, Türkmənistan, Hindistan, Azərbaycan və Türkiyənin təşkilatçılığı ilə müvafiq olaraq mart, aprel, avqust və noyabr aylarında Regional Texniki Qrupun görüşlərini yüksək qiymətləndiririk. Biz Etimad Qurucu Tədbirlərin aparıcı ölkələrini Asiyanın Qəlbi-İstanbul Prosesi Nazirlər Konfransının Pekin (2014) və İslamabad (2015) Bəyannamələrində qərara alındığı kimi, Regional Texniki Qrup Görüşlərinin müntəzəm əsasda keçirilməsini xahiş edirik. Biz həmçinin Etimad Qurucu Tədbirlər çərçivəsində üzv olduğu hissələr üzrə prioritetləşdirilmiş işlərin icrası məqsədilə iştirakçı və dəstəyici dövlətləri yaxından əməkdaşlıq etməyə çağırırıq. Biz xüsusilə aparıcı dövlətləri dəstəkləyici dövlət və təşkilatların yardımı ilə hər bir Etimad Qurucu Tədbir altında prioritetləşdirilmiş işlərin icrasına çağırırıq.
41. Biz beynəlxalq ictimaiyyətin Asiyanın Qəlbi-İstanbul Prosesinə dəyərli dəstəyini qiymətləndiririk. Bu kontekstdə, Etimad Qurucu Tədbirin hər bir sahəsi üzrə prioritetləşdirilmiş işlərin icrasının reallaşdırılması məqsədilə dəstəkliyici dövlət və təşkilatların davamlı töhfələrini gözləyirik.
42. Biz Asiyanın Qəlbi-İstanbul Prosesinin 2016-cı il üzrə İllik Hesabatını təqdir edirik. Biz iştirakçı dövlətləri və dəstəkləyiciləri Etimad Qurucu Tədbirlərin daha effektiv icrası istiqamətində təklif etdiyi tövsiyələri nəzərə almağa çağırırıq. Biz həmçinin 2016 İllik Hesabatının Etimad Qurucu Tədbirlərdə təhsilə mədəniyyətin daxil edilməsi barəsində tövsiyəsini alqışlayırıq və bu sahənin bundan sonra Etimad Qurucu Tədbirləri “Mədəniyyət və Təhsil” hissəsi adlandırılmasını qərara aldıq.
43. Əfqanıstan və Asiyanın Qəlbi regionunun iqtisadi inkişafında kənd təsərrüfatı sahəsinin əhəmiyyətli rolunu qeyd edərək, biz 2018-ci ilin ilk yarısında keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Rəsmilərin Görüşündə müzakirə və razılaşdırılması məqsədilə Etimad qurucu Tədbirlər çərçivəsində kənd təsərrüfatı üzrə icra planının inkişaf etdirilməsi məqsədilə həmsədrlərə həvalə edirik.
Nəticələr
44. Biz bu Konfransın ilk üç ayı ərzində Yüksək Vəzifəli Rəsmiləri bu Prosesin 2018-ci il üçün ilk Yüksək Vəzifəli Rəsmilərin Görüşünü keçirməyi tapşırırıq və Pekin, İslamabad, Amritsar və Bakı öhdəliklərimizə uyğun olaraq, müxtəlif əhəmiyyətli məsələlər üzrə substantiv müzakirələrə cəlb olunması və Regional Texniki Qruplar tərəfindən təqdim edilmiş planların nəzərdən keçirilməsini tapşırırıq.
45. Biz Asiyanın Qəlbi-İstanbul Prosesinin VII Nazirlər Konfransına ev sahibliyi etdiyinə Azərbaycan Respublikası Hökumətinə səmimi təşəkkürümüzü ifadə edirik. Biz Türkiyə Respublikasının 2018-ci ildə, Tacikistan Respublikasının isə 2019-cü ildə Asiyanın Qəlbi-İstanbul Prosesinin Nazirlər Konfransına ev sahibliyi istəyini təqdir edirik.
46. Biz bu konfransda qonaq dövlət qismində Özbəkistan, Latviya Respublikası və qonaq təşkilat qismində BMT-nin Narkotik Maddələr və Cinayətkarlıq üzrə Ofisi, BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya Regional Mərkəzi, BMT-nin İnkişaf Proqramı, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Asiyanın Qəlbi-İstanbul Prosesində iştirakını və Prosesə marağını yüksək qiymətləndiririk.
47. Bu Bəyannamə 2017-ci ilin 1 dekabr tarixində Bakıda Asiyanın Qəlbi-İstanbul Prosesinin iştirakçı dövlətlərinin xarici işləri nazirləri və yüksək səviyyəli nümayəndələri: Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT tərəfindən qəbul edilmişdir. Bu Bəyannamə Asiyanın Qəlbi-İstanbul Prosesinin dəstəkləyici dövlətlərinin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələri və dəstəkləyici beynəlxalq və regional təşkilatların yüksək vəzifəli nümayəndələri: Avstraliya İttifaqı, Kanada Danimarka Krallığı, Misir Ərəb Respublikası, Avropa İttifaqı, Finlandiya Respublikası, Fransa Respublikası, Almaniya Federativ Respublikası, İraq Respublikası, İtaliya Respublikası, Yaponiya, Polşa Respublikası, Norveç, İspaniya, İsveç və Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Ağa Xan İnkişaf Şəbəkəsi, Asiya İnkişaf Bankı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası tərəfindən təqdir edilir və dəstəklənir.