No: 33/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin birgə mətbuat konfransı
Elmar Məmmədyarov: Xanımlar və cənablar! Bildiyiniz kimi, Latviya Respublikasının xarici işlər naziri cənab Edqars Rinkeviçs Azərbaycanda rəsmi səfərdədir. Dünən cənab nazir E.Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparılıb.
Bildiyiniz kimi, Azərbaycan və Latviya arasında qarşılıqlı əlaqələr strateji xarakter daşıyır. Bu xüsusda, Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır. Zənnimizcə, bu il iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsi baş tutacaq.
Latviyanın Avropa İttifaqının üzvü olduğunu nəzərə alaraq, bu günki görüşdə həmkarımla Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı münasibətləri, Şərq Tərəfdaşlığı barəsində də fikir mübadiləsi apardıq. Məlumdur ki, keçən bazar ertəsi cənab Prezidentin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə geniş müzakirələr aparılıb. Artıq Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sənədlər hazırlanmaqdadır. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılaşması mövcuddur. Düşünürük ki, bu sənədlər Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi üçün münbit baza yaradır. Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair sənəd mövcuddur. Cənub qaz dəhlizi Avropa bazarlarına təbii qazın çatdırılması yollarının şaxələndirilməsində mühüm elementdir.
Bundan əlavə, bu gün biz həmkarımla yalnız enerji deyil, nəqliyyat layihələri barəsində də fikir mübadiləsi apardıq. Latviya tərəfinin təşəbbüsü olan Zubr dəmiryol xətti layihəsi Baltik, Qara və Xəzər dənizlərinin birləşdirilməsini nəzərdə tutur. Şərqdən Avropaya yük daşımalarını nəzərdə tutan bu layihənin də imkanları çox genişdir. Bu layihəyə dair strategiyanın işlənilib-hazırlanması üzrə razılıq əldə etdik. Təbii ki, bu məsələdə müntəzəm təmaslar və mütəxəssislərin görüşləri çox önəmlidir.
Təbii ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barəsində də danışdıq. Latviyanın münaqişəyə dair beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə görə Latviya tərəfinə təşəkkürümü bildirirəm. Bu mövqe hətta Brüsseldə də Prezident Tusk tərəfindən səsləndirilib. Avropa İttifaqı və üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam dəstəyi ifadə edib. Azərbaycanın üzləşdiyi təhdid və təhlükələri nəzərə alsaq, bu dəstək bizim üçün çox vacibdir.
Təşəkkür edirəm!
Sual-cavab:
CBC kanalı, İlkin Şəfiyev: Sualım hər iki nazirədir. İki ölkə arasında iqtisadi-ticari əlaqələrinin hansı sahələrində əməkdaşlıq üçün perspektivlər var? İkinci sualım, Zubr layihəsinin Şimal-Cənub xətti ilə birləşdirilməsi məsələsinə dair fikirlərinizi bilmək istərdim.
Elmar Məmmədyarov: Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi, təəssüf ki, istənilən səviyyədə deyil. Bu gün qarşıda duran səfərlər mübadiləsi ərəfəsində məsləhətləşmələrin keçirilməsi barəsində razılığa gəldik. İlkin mərhələdə hüquq-müqavilə bazası ilə yanaşı, iqtisadi və ticari münasibətlərin qiymətləndirilməsi üzrə Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələrin başlanılmasını nəzərdə tuturuq. Latviya ilə əməkdaşlığın perspektivli sahəsi kimi kənd təsərrüfatı sektorunu qeyd edərdim. Latviya kənd təsərrüfatı sahəsində kifayət qədər inkişaf edib. Azərbaycan kənd təsərrüfatı sahəsinin inkişafına mühüm yatırımlar edir.
Azərbaycan və Latviya arasında ikiqat vergilərdən azad olma və sərmayələrin qorunması haqqında müqavilə mövcuddur. Bu xüsusda, qarşılıqlı biznes forumların keçirilməsi faydalı olardı.
Zubr çox maraqlı layihədir, çünki siyasi nöqteyi-nəzərdən Baltik, Qara və Xəzər dənizini birləşdirir və özlüyündə üç müxtəlif regionu yaxınlaşdırır. Bu layihəni Şimal-Cənub xətti ilə mədudlaşdırılması doğru olmazdı. Bizim qarşımızda duran əsas məsələ layihə ilə əlaqədar ola biləcək qurumları bir araya toplamaq və əlverişli ticarət mühiti yaratmağa nail olmaqdır.
Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.