Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı
4 iyul 2024-cü il tarixində Bratislava şəhərində Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Marek Eştok rəhbərlik edib.
Mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Səfər zamanı F.Rzayev həmçinin Slovakiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib.