No: 260/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Keniya Respublikasının Xarici Əlaqələr və Tiracət naziri Amina Mohamed , Kosta Rika Respublikasının Xarici Əlaqələr və Etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikasının Xarici Əlaqələr üzrə Dövlət Katibi Miqel Varqas Maldonado, Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley , Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker və İspaniya Krallığının Xarici Əlaqələr və Əməkdaşlıq məsələri üzrə naziri Alfonso Dastis ilə ikitərəfli görüşlər keçirdi
Keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olundu. Bu xüsusda, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulandı. İkitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparıldı.
Habelə, görüşlərdə sözegedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunuldu.
Görüşlərdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olundu.
Görüşlər əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı, Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri və işğala əsaslanan status kvonu saxlamaq siyasəti barədə həmkarlarına müfəssəl məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu dedi. Elmar Məmmədyarov münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.
Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən nazir Elmar Məmmədyarov və Kolumbiya tərəfdən nazir Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında idman və mədəniyyətin təşviqinə dair” Bəyannaməni imzaladılar.