No 25/17, Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıldı.
Dövlət katibi Jean-Vincent Plase Azərbaycana ilk səfər etməsindən məmnunluğunu ifadə edərək, səfərinin məqsədinin Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində Azərbaycanda uğurla həyata keçirilən elektron hökumət və əhaliyə operativ, şəffaf xidmət göstərilməsi sistemi ilə tanış olmaq olduğunu bildirdi. O, bu məqsədlə Azərbaycanda bir sıra dövlət qurumlarında görüşlər keçirdiyini diqqətə çatdırdı.
Nazir Elmar Məmmədyarov Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində elektron hökumətin təkmilləşdirilməsi, əhaliyə xidmət sahəsində şəffaflığın artırılması üzrı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. O, bu çərçivədə Azərbaycanda yaradılmış “ASAN Xidmət” modelinin səmərəli fəaliyyətindən söz açaraq, bir çox ölkələr tərəfindən bu modelə xüsusi maraq göstərildiyini vurğuladı.
Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulandı. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edildi. Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verdi. O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğuladı.
Görüşdə həmçinin, qarşıqılı maraq kəsb edən digər məsələlər də müzakirə olundu.