news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 fevral 2017

No: 19/17, Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə etdilər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğuladılar.

Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Təninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.

Nazirlər məmnunluqla qeyd etdilər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşma və dialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur və ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov, bu layihələrin Körfəz ölkələri üçün faydalı ola biləcəyini söylədi. O, həmçinin Azərbaycanla Qətərin üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoymaq imkanlarının nəzərdən keçirilməsini təklif etdi.

Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni sözügedən təklifin ölkəsi tərəfindən məqbul sayıldığını, eyni zamanda kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırdı.

Nazirlər Azərbaycanla Qətər arasında Hökumətlərarası birgə Komissiyanın fəaliyyətə başlamasının iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminik ifadə etdilər. Elmar Məmmədyarov bildirdi ki, Qətər investorların Azərbaycana sərmayə qoyması üçün hər cürə şərait yaradılmışdır və əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq üçün əlverişli imkanlar vardır.

Qətər Dövlətinin xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd etdi və bu faktın Azərbaycana səfər edən Qətərli turistlərin sayına müsbət təsir edəcəyini bildirdi.

Elmar Məmmədyarov Qətərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirdi və buna görə Qətərli həmkarına təşəkkür etdi. O, həmçinin BMT TŞ-nin məlum qətnamələrini xatırladaraq, sözügedən qətnamələrin tələblərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov, bu il ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” keçiriləcəyini və Qətər idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirdi.

Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin gücləndirilməsi, insanlararası təmasların artırılmasının vacibliyi qeyd olundu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti