No: 153/17, Xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib
1-2 İyun 2017-ci tarixində Aşqabad şəhərində baş tutmuş “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
Görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edildi və iki ölkənin bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulandı.
Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil olduğunu xüsusi vurğuladılar. İki ölkə arasında olan mehriban qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd olundu.
İkitərəfli əməkdaşlığın inkişafı konteksində xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsi vurğulandı.
Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin göstərildiyi məmnunluqla qeyd olundu.