news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2017

No: 128/17, Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldemi qəbul edib

Görüş zamanı Azərbaycan-NATO əlaqələrinin hazırkı durumu və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıldı.

Tacan İldem NATO-nun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğunu qeyd etdi.

O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verdiyi töhfələrinin, ikitərəfli əsasda Əfqanıstanda davamlı inkişafa dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.

T.İldem ictimai diplomatiya sahəsində əməkdaşlığı qeyd edərək Azərbaycan ictimaiyyətində NATO haqqında məlumatlandırmanın artırılması üçün ictimai xarakterli birgə tədbirlərin əhəmiyyətinə diqqət çəkdi.

Görüşdə tərəflər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi və digər proqramlarında iştirakına dair fikir mübadiləsi apardılar və bu istiqamətdə əldə edilmiş nailiyyətləri təqdir etdilər.

Nazir E.Məmmədyarov qonağı Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu barəsində məlumatlandırdı və münaqişənin BMT-nin müvafiq qətnamələrində də təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğuladı və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan qoşunlarının mövcudluğunun regional sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırdı.

T.İldem Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və fikir mübadiləsi baxımından vacib platforma olduğunu dedi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti