news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 aprel 2017

No: 118/17, Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Xorvatiya Respublikasını isə xarici və Avropa işləri nazirinin müavini Qordan Bakota təmsil edib.

Görüşdə X.Xələfov iki ölkə arasındakı siyasi dialoqun yüksələn xətt üzrə inkişaf etdiyini və bu prosesdə dövlət başçılarının səfər və görüşlərinin əhəmiyyətli rol oynadığını qeyd etdi. O, Azərbaycanın Xorvatiya ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı və bu xüsusda, hökumətlərarası iqtisadi komissiyanın vacib mexanizm kimi iqtisadi-ticarət əlaqələrin daha da inkişaf etdirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu əlavə etdi.

X.Xələfov Xorvatiya ilə potensial vəd edən əməkdaşlıq sahələri qismində gəmiqayırma, maşınqayırma, sənaye, kənd-təsərrüfatı, nəqliyyat və tranzit, həmçinin turizm sahələrini qeyd etdi və xüsusilə energetika sahəsində əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyini dedi.

Daha sonra X.Xələfov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri qovşağında yerləşən Azərbaycanın nəqliyyat və tranzit sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini bildirdi. Bu xüsusda, Xorvatiyanın Avropa qitəsinin nəqliyyat sistemində əhəmiyyətli yer tutduğunu və bu dəhlizlərin Avropa nəqliyyat sisteminə qoşulmasının çox mühüm qlobal iqtisadi inkişafa yol aça biləcəyini vurğuladı.

Q.Bakota müntəzəm əsasda siyasi dialoqun davam etdirilməsinin məhsuldar fikir mübadiləsi və müzakirələr üçün önəmli olduğunu bildirdi və yüksək səviyyədə olan siyasi dialoqdan faydalanaraq, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üzrə birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd etdi. 2016-cı ilin oktyabrında Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar Kitaroviçin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəlməsində rolundan bəhs edən Q.Bakota 7 iyun 2017-ci il tarixində keçiriləcək hökumətlərarası komissiyanın iclasının qarşılıqlı faydalı ola biləcəyini vurğuladı.

Q.Bakota Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq Anlaşması üzrə danışıqlar prosesinin başlanmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, bu prosesdə Xorvatiya hökumətinin dəstəyini diqqətə çatdırdı.

X.Xələfov regionda sülh və sabitliyə real təhlükə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq, danışıqlar prosesinin hazırkı vəziyyətinin Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərdiyini bildirdi. X.Xələfov Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyərək, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət, o cümlədən demoqrafik vəziyyəti dəyişmək yolu ilə status-kvonu möhkəmləndirməyə çalışdığını əlavə etdi.

Q.Bakota Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırdı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti