news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2017

No: 114/17, Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulandı.

Florans Manjən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərini çox məhsuldar olduğunu dedi və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. O, həmçinin, Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferasında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd etdi.

Nazir Elmar Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkərək, digər sahələrdə də fransız şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirdi. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışdı.

Florans Manjən iki fransız bankının sözügedən layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlara toxundu. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirdi.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açdı və həlli uzadılmış münaqişələrin həllinə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini qeyd etdi. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini və bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırdı. O, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdikləri kimi indiki status-quonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti