No: 11/17, Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib
Azərbaycan Respublikasının Əddis-Əbəbədəki Səfirliyindən daxil olmuş məlumata əsasən, Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.
Qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri ilə görüş zamanı Parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti Parlamentinin sədri ölkəsinin Azərbaycanı daima dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.
Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş qətliam soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.
Milli Assambleya sözügedən qətnamədə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha təsdiq edir, habelə BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən güc tətbiq etməklə ərazilərin işğal edilməsinin qəbuledilməz olduğunu bəyan edir.
Milli Assambleya BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Qətnamədə Ermənistanın təcavüzünün qurbanları olan bir milyondan artıq Azərbaycanlının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyasından dərin narahatlıq ifadə olunur, beynəlxalq ictimaiyyət münaqişənin həllinə maksimum töhfə verməyə çağırılır.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.
Qətnamə və onun qeyri-rəsmi tərcüməsi