news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2017

No: 109/17, Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin sədr müavini Gediminas Kirkilas ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Seyminin sədr müavini Gediminas Kirkilas, Xarici Əlaqələr üzrə Komitəsinin Sədri Yuozas Bernatonis və Azərbaycan Respublikası ilə Parlamentlərarası Əlaqələr üzrə Qrupunun rəhbəri Valeriyus Simulik və qrupun digər üzvləri ilə geniş tərkibdə görüş keçirdi.

Görüşdə Azərbaycan və Litva arasında diplomatik münasibətlərin 1918-ci ildə yaradıldığı vurğulanaraq Azərbaycan Demokratik Cümhuriyyətində Litvanın Konsulluğunun fəalliyyət göstərdiyi və gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 100 illiyinin qeyd olunacağı diqqətə çatdırıldı. Bu əlamətdar hadisə çərçivəsində hər iki ölkənin parlamentləri və digər qurumları səviyyəsində yubiley xarakterli müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi qeyd olundu. 

Keçirilmiş görüşlər əsnasında Azərbaycan və Litva arasında dostluq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə edildi və ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Həmçinin, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılması vacibliyi önə çəkildi.

Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentlərarası işçi qrupları səviyyəsində mütəmadi təmasların vacibliyi vurğulandı. İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olundu. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və hal-hazırda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzərində aparılan danışıqlar barədə həmsöhbətlərə məlumat verdi. Litvanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsinə verdiyi dəstək təqdir olundu. 

Görüşdə həmçinin nəqliyyat dəhlizləri layihəsi, o cümlədən Şimal-Cənub layihəsinin əhəmiyyəti xüsusi qeyd edilərək, bu layihənin Hind okeanı hövzəsi ilə Baltik regionu arasında dəmir yol vasitəsilə uzlaşma yarada biləcəyi və nəticə etibarilə, Litvanın şirkətlərinin də bundan faydalanacağı diqqətə çatdırıldı. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. 

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti