No: 07/17, Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl Osaymin ilə görüşüb
Kuala-Lumpur şəhərində keçirilən İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziya Respublikasına səfər edən xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl Osaymin ilə görüşüb.
Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Baş katib Yusif Əl Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdi və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə etdi.
Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında həmsöhbətə məlumat verdi. İƏT Baş Katibi Azərbaycan Respublikası Prezidentinin bu Sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırdı.
Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə etdi. İƏT Baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Oyunlarında fəal iştirak edəcəyinə ümidvarlığını bildirdi. İƏT Baş katibi dəvəti məmnuniyyətlə qəbul etdi.
Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT Baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirdi.
Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.